loading...

Deputat: Azərbaycanda detektiv xidmətləri yaradılmalıdır

Deputat: Azərbaycanda detektiv xidmətləri yaradılmalıdır

Deputat: Azərbaycanda detektiv xidmətləri yaradılmalıdır

Deputat: Azərbaycanda detektiv xidmətləri yaradılmalıdır

Dünyada detektiv xidməti olduqca gəlirli bir sahə hesab olunur və onların xidmətindən yüzlərcə insan yararlanır. İnkişaf etmiş ölkədə detektiv agentlikləri qanun çərçivəsində fəaliyyət göstərir.

Hər hansı bir cinayətin açılması üçün detektivlərə müraciət edirlər.

Azərbaycanda isə detektiv fəaliyyətini tənzimləyən qanun olmadığına görə, özəl xəfiyyəlik inkişaf etməyib.

Bununla bağlı mükəmməl qanunvericilik bazasının yaradılması  vacibdir

Oxu.Az-ın xəbərinə görə, məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a açıqlama verib. O bildirib ki, bu məsələ müstəqillik qurulandan indiyə qədər daim müzakirə obyekti olub: “Bir çox xarici ölkələrdə şəxsi, korporativ detektivlik xidmətləri mövcuddur. Zaman-zaman bunların təcrübəsindən istifadə edilməsi istəkləri olub. Azərbaycanda Konstitusiyaya əsasən, alternativ vəkillik, ekspertiza, notariat xidmətləri ilə yanaşı, eyni zamanda, alternativ istintaq, təhqiqat imkanları da qanunla qadağan deyil. Buna görə də detektiv təşkilatlarının yaradılması mümkündür. Əlbəttə, bununla bağlı mükəmməl qanunvericilik bazasının yaradılması  vacibdir. Hələlik bu istiqamətdə qanunvericilik təşəbbüsü ilə çıxış edən olmayıb. Hər hansı deputatın detektiv təşkilatları ilə əlaqəli çıxış etməyi çox ağır prosedurdur. Lakin gec-tez bu institut Azərbaycanda yaradılmalıdır”.

Detektiv təşkilatları cəmiyyətin bütün sferaları üçün faydalı ola bilər

Deputat qeyd edib ki, bu cür təşkilatların yaradılması bir neçə cəhətdən faydalı ola bilər: “Bu cür təşkilatlar iş düzgün qurulduqda, bu, ciddi şəkildə istintaqa, təhqiqata, insanları maraqlandıran problemlərin həllinə köməkdir. Eyni zamanda, onlar dövlət yükünü çox azalda bilər. Bu, çox ciddi məsələdir. İstər cinayət, istər mülki həyat, ümumiyyətlə, cəmiyyətin bütün sferalarında detektiv təşkilatları çox faydalar verə bilər. Digər tərəfdən, detektivlik təşkilatları alternativ fikrin və daha çox mübahisə edilən məsələlərin doğruluğu istiqamətində də yaxşı xidmət göstərər. Bəzən bir sahədə inhisarçılıq olanda, orada rəqabət olmur. Amma çoxprofilli  rəqabət vəziyyəti yarananda,  hər kəs daha doğru qərar qəbul etməyə və dəqiq nəticəyə sahib olmağa çalışır”.

Təhlükəsiz cəmiyyətdə yaşamaq istəsək də, bunun üçün öz töhfəmizi vermək istəmirik

Təqaüddə olan polis polkovniki Şəmsəddin Əliyev mövzu ilə bağlı deyib ki, detektivlərin fəaliyyəti ölkədə təhlükəsizliyin təmin edilməsinə xidmət edə bilər: “Azərbaycanda detektivlərin fəaliyyəti normativ hüquqlarla tənzimlənməyib. Lakin düşünürəm ki, detektiv ictimai birliklərin qeyri-kommersiya təşkilatı kimi yaradılması  cinayətkarlıqla mübarizədə öz səmərəsini verə bilər. Bilirsiniz, ölkə ərazisində hüquq-mühafizə orqanlarının kifayət qədər ehtiyatda, təqaüddə olan kadrları var. Digər tərəfdən, cinayət xarakterli məlumatları öz yaddaş bazasında saxlayan insanların olduğunu da bilirik. Onların da əksəriyyəti vətəndaşlıq mövqeyindən çıxış etmirlər. Baş verə biləcək cinayətlərin qarşısını almaq, vətəndaşların təhlükəsizliyini qorumaq, yaxud axtarışda olan cinayətkarları zərərləşdirməklə bağlı məlumatı olan insanlar var. Amma onlar bu tipli məlumatları nəyəsə və ya harasa ötürməkdə çətinlik çəkirlər. Bir növ özlərinin vətəndaşlıq mövqeyindən geri çəkilmiş olurlar. Yəni sağlam, təhlükəsiz, sabit bir cəmiyyətdə yaşamaq istəsək də, bunun üçün öz töhfəmizi vermək istəmirik”.

Sağlam cəmiyyət üçün detektiv təşkilatları yaradılmalıdır

Müsahibimiz düşünür ki, ölkədə detektiv idarələrinin yaradılması mütləqdir: “Bu gün kiməsə yaxınlaşıb hansısa hadisə haqqında məlumat toplamağı təklif etsən, bəlkə də, 10 nəfərdən 8-i bundan imtina edəcək.  Elə ölkələr var ki, insanlar orada müəyyən saatlardan sonra ictimai yerlərə çıxa bilmirlər.

Azərbaycan belə hallardan kənardır.  Bu baxımdan, ölkəmizin sabit və təhlükəsiz olduğunu qeyd etmək olar. Təbii, hüquq-mühafizə orqanlarının rolu böyükdür. Amma  “mənim də bu mübarizədə əməyim, xidmətim varmı” sualı verilən zaman cavabsız qalırıq. Düşünürəm ki, sağlam cəmiyyət üçün detektiv  təşkilatların yaradılması səmərəli ola bilər”.

www.oxu.az

Oxunub: 4 Dəfə

Bolme: Cəmiyyət

Ana Sehife
Gundelik Burcler Saglamliq Metbex

 
SOCAR üçün neftin əlverişli qiyməti 60-65 dollardır