Qadin hekimi Cinsiyyət orqanlarının xəstəlikləri

Müalicə. Sidik kəskin surətdə ləngidikdə kateterizasiya edilir. 

Cinsiyyət orqanlarının xəstəlikləri

 
Cinsiyyət orqanlarının anomaliyaları. Cinsiyyət orqanlarının inkişaf prosesi pozulduqda, bir sıra anomaliyalara təsadüf edilir.

Qızlıq pərdəsinin anomaliyalarına qızlıq pərdəsinin bütöv (dəliksiz) olması, saçaqlı, xəlbirəbənzər qızlıq pərdəsi və s. aiddir.

Xayalarda anomaliyalar miqdarca və vəziyyətinə görə müxtəlif olur. Bəzən bir, nadir hallarda isə üç xaya olur. Vəziyyətcə anomaliyalara xayaların yolda qalması, yerlərini dəyişməsi və dönmələri aiddir.

Yumurtalıqlarda da miqdar, şəkil və vəziyyətcə anomaliyalara təsadüf edilir.

Uşaqlığın əsas anomaliyalarına ikili, ikibuynuzlu və birbuynuzlu uşaqlıq aiddir.

Uşaqlıq yolunun anomaliyalarına ikili, arakəsməli və yarımarakəsməli uşaqlıq yolu aiddir.

Qızlıq pərdəsinin anomaliyalarına qızlıq pərdəsinin bütöv (dəliksiz) olması, saçaqlı, xəlbirəbənzər qızlıq pərdəsi və s. aiddir.

Xarici cinsiyyət orqanlarının anomaliyalarına yalan xonsalıq (hermafroditizm) aiddir. Belə halda daxili cinsiyyət orqanları bir cinsiyyətə aid olduğu halda, xarici cinsiyyət orqanları başqa cinsiyyətinkinə oxşayır, yəni kişi olduğu halda, xarici cinsiyyət orqanları qadınlarınkına oxşayır və ya qadın olduğu halda, xarici cinsiyyət orqanları kişilərinkinə oxşayır.

Yalan xonsalıqdan başqa bir də həqiqi xonsalıq var. Belə halda bir şəxsdə hər iki cinsiyyət vəzisi, yəni həm xaya və həm də yumurtalıq olur.

Yumurtalıqların şişləri. Qranulyoz hüceyrəli şişlər, follikulomalar və tekomalar qadınlarda çox vaxt uşaq yaşlarında və ya klimakterik dövrə yaxın rast gəlir.

Klinik gedişi. Xəstəlik 3-5 yaşlarında başlandıqda uşaqlarda vaxtından erkən cinsi yetişmə əlamətləri inkişaf edir. Estrogenlərin miqdarı artdığından, sümüklərin boy zonası tez bağlanır. Şiş böyük yaşlarda başladıqda, xəstə qadınlar aybaşının pozulması dövründən asılı olmayan uşaqlıq qanaxmalarından, qarında qasıq nahiyəsinə və belə irradiasiya edən ağrılardan şikayətlənirlər. Qadınlar yaşlarına nisbətən cavan görünürlər. Cinsiyyət orqanlarının yaşla əlaqədar olaraq atrofiyalaşması belə xəstələrdə olmur. Androgenlər ifraz edən şişlər zamanı virilizm (ikincili kişi cinsi əlamətlərinin olması) əlamətləri inkişaf edir.

Proqnozu. Diaqnoz erkən müəyyən edilib, vaxtında cərrahi müalicə aparılarsa, xoşxassəli qranulyoz hüceyrəli şişlərdə və tekomalarda proqnoz yaxşı olur; bədxassəli şişlərdə proqnoz xoşagəlməyəndir.

Müalicəsi yalnız cərrahi yolla şişi çıxarmaqdan ibarətdir.

Klimaks. Klimakterik nevroz. Klimaks – qadın həyatında reproduktiv dövrdən menopauzaya keçmə dövrünədək olan fizioloji vəziyyətdir. Klimaks vaxtı aybaşı kəsilir, yumurtalıqların hormonal və generativ funksiyası tədricən sönür. Qadınlarda ovulyasiyanın və reproduksiya qabiliyyətinin kəsilməsi, adətən, 45 – 55 yaşlar arasında başlanır. Əgər aybaşı 40 yaşa qədər kəsilərsə, buna erkən klimaks, 50 yaşdan sonra kəsilərsə, gecikmiş klimaks deyilir. Klimakteriyanın (klimaksın) mənşəyində mərkəzi sinir sisteminin, xüsusən hipotalamusun müəyyən mərkəzlərində yaşla əlaqədar dəyişikliklər, hipofizin qonadotrop funksiyasının tənziminin pozulması əsas yer tutur. Klimakteriya dövründə cinsiyyət vəzilərinin funksiyadan qalması normal fizioloji vəziyyətdir və adətən, orqanizmdə xüsusi pozulma törətmir. Xəstəlik həm aybaşı dövründə, həm də aybaşısız ola bilər. Bəzən klimakterik nevroz menopauzadan 10 – 15 il sonra başlanır. Patoloji klimaksa, klimakterik nevrozdan başqa, uşaqlıqdan disfunksional qanaxmaları da aid edirlər.

Xəstəlik zamanı cinsiyyət orqanlarında, süd vəzilərində və s. atrofik dəyişikliklər əmələ gəlir. Yumurtalıqlar qırışır və sərtləşir, onların damarlarında ateromatoz proseslər və skleroz əlamətləri tapılır. Uşaqlıq əzələləri kiçilir, əzələ hüceyrələri atrofiyalaşır, uşaqlığın divarları nazikləşir. Uşaqlıq yolu qırışır, epiteli yastılaşır, toxumalarının elastikliyi itir. Histoloji müayinədə müxtəlif inkişaf dövründə olan follikullar, onların boşalması, birləşdirici toxumanın inkişafı, xırda kistoz dəyişikliklər tapılır.

Qadınların çoxunda klimaks orqanizmdə pozulma vermədən keçir, digər hallarda isə klimakterik nevroz inkişaf edir. Klimakterik nevroz əksər qadınlarda yüngül keçir və 1-2 ilədək davam edir. Ancaq bəzi hallarda xəstəlik ağır gedişli olur, bir sıra əlamətləri illərlə davam edir. Xəstəliyin xarakterik əlaməti bədəndə istilik hissiyyatının yaranmasıdır.

Vegetativ-sinir pozulmalarından ən çox rast gələni «istiləşmə», tərləmə, başgicəllənməsi, başda və qulaqlarda küy, ürəkdöyünmə, ətraflarda paresteziyalardır. Klimakterik nevroz üçün ən xarakterik olan qısamüddətli böhran əlamətləri ilə başlanıb qurtaran vəziyyətdir. Bu hal 30 saniyədən 1 – 2 dəqiqəyədək çəkir, «istiləşmə», tərləmə, gözlərdə qaralma, ürəkdöyünmə, başgicəllənmə ilə keçir. Bir sıra xəstələrdə qızışma hissiyyatı daha çox davam edir, bəzən sifətin qızarması və ümumi tərləmə ilə müşayiət olunur, yavaş-yavaş başlanır və tədricən keçib gedir. Bəzən “istiləşmə” vaxtında hava çatışmazlığı hissi olur, tənəffüs tezləşir və nəfəsalma dərinləşir.

Klimakterik nevroz zamanı xəstələr çox vaxt ürək nahiyəsində ağrıdan və ürəkdöyünməsindən şikayətlənirlər. Bu ağrılar uzunmüddətli olur, fiziki işlə əlaqədar olmur, əsəbilik vaxtında artır, bəzən isə heç bir aşkar səbəb olmadan sakitlik vaxtı belə əmələ gəlir. Ağrılar adətən ürəyin zirvəsində olur. Çox vaxt ağrılar göynədici və deşici, az hallarda sıxıcı xarakter daşıyır, bəzi xəstələrdə kürəyə və sol qola irradiasiya edir.

Çox vaxt klimakterik nevrozlu xəstələrdə normal qan təzyiqi vaxtı başağrıları olur. Klimakterik nevroz ətraflarda paresteziyalar, onların keyləşməsi, çox vaxt qəbizlik və meteorizmlə keçir.

Klimakterik nevroz vaxtı bir sıra xəstəliklərə – hipertoniya xəstəliyi, ateroskleroz, piylənmə, şəkərli diabet, xronik qeyri-spesifik poliartrit və mübadilə poliartritlərinə meyllik artır. Klimakterik nevroz bu xəstəliklərlə yanaşı gedirsə, hormonal müalicə bunların bəzilərinin gedişinə də xoş təsir göstərir. Qadınların çoxunda menopauzadan sonrakı dövrdə osteoporoz başlanır. Bu, sümük kütləsinin azalmasına, xüsusən fəqərələrin kiçilməsinə, sıxılmasına, fəqərə sütununun əyilməsinə, boyun kiçilməsinə, beldə və aşağı ətraflarda ağrılara səbəb olur. Estrogenlər və androgenlərlə kombinələşmiş müalicə, prosesin inkişafının qarşısını almağa imkan verir.

Müalicəsi. Yüngül klimakterik nevrozu olan qadınların çoxunun xüsusi müalicəyə ehtiyacı yoxdur. Belə hallarda düzgün əmək və sakitlik rejimi, rasional qidalanma, A, B, C, E və s. qrup vitaminlərin təyini, təmiz havada olmaq, müalicəvi bədən tərbiyəsi kifayət edir.

Klimakterik nevrozun nisbətən ağır formalarında müalicə kompleks şəkildə aparılmalıdır. Burada əsas müalicə üsullarından biri psixoterapiyadır. Xəstələri başa salmaq lazımdır ki, klimakterik nevroz vaxtı əmələ gəlmiş vegetativ pozulma müvəqqəti xarakter daşıyır, orqanizm yeni fizioloji şəraitə uyğunlaşandan sonra bu hallar keçəcək və reproduktiv funksiyanın kəsilməsi heç də cinsi həyatın kəsilməsi demək deyildir. İzah etmək lazımdır ki, əmələ gəlmiş pozulma heç bir üzvi xəstəliklə əlaqədar deyil, funksional xarakterlidir.

Mərkəzi sinir sistemini sakitləşdirmək məqsədilə rezerpin çox yaxşı təsir göstərir.

Klimakterik nevrozun müalicəsində simptomatik və sakitləşdirici təsirə malik olan qaraca alkaloidləri də işlədilir. Bunlar, xanımotu alkoloidləri və barbituratlarla birlikdə “belloid” və “akliman” preparatlarının tərkibinə daxildir.

Hipoqonadizm. Hipoqonadizm kişilərdə xayaların funksional çatışmazlığı nəticəsində daxili və xarici cinsiyyət orqanlarının, cinsiyyət vəzilərin və ikincili cinsi əlamətlərin inkişafdan qalmasıdır.

Xəstəliyin səbəbi bəzi hallarda xayaların anadangəlmə aplaziyası və ya hipoplaziyası olur, başqa hallarda cinsiyyət orqanları uşaqlıq və ya gənclik dövründə inkişafdan qalır. Xayaların anadangəlmə inkişafdan qalmasının səbəbi hamiləlik vaxtı ananın keyfiyyətsiz qidalanması, infeksion xəstəliklər və intoksikasiyalar ola bilər. Uşaq və gənc yaşlarda cinsiyyət orqanlarının inkişafdan qalmasının səbəbi cinsiyyət vəzilərində zədələnmə və infeksiya nəticəsində iltihabi dəyişikliklərin əmələ gəlməsi və sonradan vəzilərin atrofiyaya uğramasıdır.

Hipoqonadizm zamanı xayaların parenximasında degenerativ dəyişikliklər və kanalcıqlar arasında birləşdirici toxumanın inkişafı aşkar edilir. Prostat vəzi atrofiyalaşır, vəzi elementləri azalır, birləşdirici toxuma artır.

Xayaların anadangəlmə hipoplaziyasında və ya onların uşaq yaşlarında zədələnməsi zamanı xarici cinsiyyət orqanları kəskin surətdə inkişafdan qalır, ikincili cinsi əlamətlər olmur. Testikulyar çatışmazlıq pubertat dövründə başlanıbsa, xarici cinsiyyət orqanları müəyyən dərəcədə inkişaf edə bilir, ancaq xayalar kiçik olur, ikincili cinsi əlamətlər zəif inkişaf edir.

Davamlı əvəzedici və ya stimul edici hormonal müalicə həm birincili, həm də ikincili hipoqonadizmin bir çox əlamətlərinin zəifləməsinə səbəb olur. Tam sağalma olmur.

Müalicəsi. Kişi cinsiyyət hormonları ilə əvəzedici müalicə aparmaq lazımdır.

Kriptorxizm. Kriptorxizm dedikdə, bir və ya hər iki xayanın xayalığa düşməməsi nəzərdə tutulur. Bu iki növ olur: xaya qarın boşluğunda qalır, ya da onun xayalığa düşməsi başa çatmır.

Müalicəsi. Yalan kriptorxizmi müalicə etmək lazım deyil. Həqiqi kriptorxizmi cərrahi və konservativ yolla müalicə edirlər. Konservativ müalicəni xorionik qonadotropin və testosteronla aparırlar. Oğlan uşaqlarında müalicə 10 yaşa kimi aparılmalıdır, çünki bu vaxta qədər xayaların normal quruluşu saxlanılır. İkitərəfli kriptorxizmdə müalicəni 7-9 yaşlarda xorionik qonadotropinlə başlamaq lazımdır. Preparatı 500 TV dozada, 20 gün müddətində, həftədə iki dəfə əzələ daxilinə yeridirlər. Effekt olmasa, müalicə kursunu 2-3 aydan sonra təkrar etmək lazımdır. Birtərəfli kriptorxizmdə və xayanın qasıq ektopiyasında cərrahi müalicə aparılmalıdır.

Kişi klimaksı. Kişi klimaksı orqanizmin normal fizioloji vəziyyətidir. Bu, hipotalamus-hipofiz-qonadlar sistemində neyroendokrin qarşılıqlı münasibətlərin yaşla əlaqədar olaraq dəyişilməsi nəticəsində, cinsiyyət vəzilərinin funksiyalarının itməsi ilə keçir. Klimakterik nevroz kişilərdə ürək-damar sistemi, sinir sistemi və psixikada, cinsiyyət orqanları, sidik, həm də endokrin sistemində pozulmalarla keçə bilər. Kişilərdə klimaks 45-60 yaşlar arasında baş verir. Klimakterik nevroz isə kişilərin 10-20 %-də müşahidə edilir.

Kişilərdə klimaks qadınlara nisbətən tədricən başlanır, adətən, cinsi potensiyanın zəifləməsi ilə keçir. Cinsi meyllik çox vaxt zəifləyir, bəzi hallarda isə artır. Klimakterik nevroz kişilərdə ürək-damar sistemində dəyişikliklər, ürək nahiyəsində ağrılar, ürəkdöyünmə, paroksizmal taxikardiya tutmaları, çox vaxt tranzitor və ya daimi hipertoniya, başda istiləşmə, tərləmə, parasteziyalar və s. şəklində meydana çıxır. Sinir-psixi pozulmalar qıcıqlanma, ağlağanlıq, yaddaşın zəifləməsi, əsassız qorxu hissi, depressiya və bəzən psixozlar şəklində aşkara çıxır. Sidik-cinsiyyət sistemində potensiyanın zəifləməsi, sidik ifrazının pozulması, çətinləşməsi, sidik kisəsi nahiyəsində küt ağrılara təsadüf olunur.

Müalicəsi. İlk növbədə ümumi möhkəmləndirici müalicə aparılır. Bu məqsədlə əmək və istirahət rejimini qaydaya salmaq, rasional qidalanma, fizioterapevtik müalicə və s. məsləhətdir. A, B, C və E vitaminləri, biostimulyatorlar – aloe, apilak, jenşen, fitin və s. təyin edilir. Əzələyə novokainin 2 %-li məhlulunu 5 ml (birinci inyeksiya 2 ml), həftədə 3 dəfə, cəmi 10-15 inyeksiya təyin etmək də məsləhətdir. Bu, sinir sisteminin trofik funksiyasını yaxşılaşdırır.

Həqiqi hermafroditizm. Həqiqi hermafroditizm vaxtı xəstədə həm yumurtalıq, həm də xaya olur. Xəstəlik olduqca az rast gəlir.

Müalicəsi. Xəstənin cinsiyyəti qonadların (cinsiyyət vəzilərinin) qadın və ya kişi funksiyasının üstünlüyünə və psixo-seksual meylliyə əsasən müəyyən edilir. Buna münasib olaraq xarici cinsiyyət orqanlarının cərrahi korreksiyası aparılır.

Prostat vəzinin iltihabı. Prostat vəzinin iltihabı (prostatit) çox vaxt cinsi həyat dövründə müşahidə olunur. İltihaba prostat vəziyə irintörədən müxtəlif mikrobların keçməsi səbəb olur. Mikroblar, adətən, sidik ifrazı orqanlarında müxtəlif iltihabi proseslər olduqda prostat vəziyə keçir. Süzənək xəstəliklərinin miqdarının azalması ilə əlaqədar olaraq son illərdə prostatit xeyli az təsadüf edilir. Yadda saxlamaq lazımdır ki, sidik kanalını kateterizasiya etdikdə də prostat vəziyə infeksiya keçirmək olar. Prostat vəzinin iltihabını kəskin və xronik formaya ayırırlar.

Xəstələr sidiyin ləngiməsini, anusda defekasiya vaxtı qüvvətlənən bərk ağrılar hiss edirlər. Sidik ifrazına tez-tez ehtiyac hissi oyanır, lakin sidik çətinliklə, damcı-damcı ifraz olunur. Xəstələr üşütmədən şikayət edirlər, kəskin prostatit zamanı temperatur 39-40°C-dək yüksəlir. Sidik ifrazının pozulması, aralıqda pulsasiya edən, defekasiya vaxtı güclənən ağrılar müşahidə olunur. Sepsis inkişaf edə bilər.

Gündə 3-4 dəfə 0,5-1 q piramidonu yarım stəkan ilıq su ilə mikroimalələr, isti oturaq vannaları, aralığa isidicilər təyin edirlər. Ağrıları azaltmaq üçün morfin tətbiq edirlər. Antibiotiklərin (penisillin, streptomisin, biomisin və s), sulfanilamid preparatlarının tətbiq edilməsi vacibdir. Antiseptik dərman kimi venaya urotropinin 40 %-li məhlulundan 5-10 ml vururlar. Abses olduqda yarırlar.

Prostat vəzinin adenoması (hipertrofiyası). Bu xəstəlik ahıl və qoca yaşlarında olur, vəzinin böyüməsi ilə təzahür edir. Adenoma vəzi toxumasının və ya vəzinin birləşdirici toxuma əsasının böyüməsi hesabına baş verir. Prostat vəzi böyüyərək, sidik kisəsinin boşalması üçün mexaniki maneə yaradır, bu da kisədə, sidik axarlarında və böyrəklərdə sidik durğunluğu nəticəsində dəyişikliklərə səbəb olur.

Xəstəlik inkişaf etdikdə sidik kisəsinin tam boşalmaması ilə əlaqədar olaraq, onda həmişə qalıq sidik qalır. Sidik ifrazı tezləşmiş, çox vaxt ağrılı olur. Sidik kisəsinin divarları tədriclə zəifləyir. Sidik həddindən çox dolmuş kisədən qeyri-iradi olaraq, damcı-damcı xaricə ifraz olur. Prostat vəzinin adenoması xərçəngə keçə bilər.

Müalicə. Sidik kəskin surətdə ləngidikdə kateterizasiya edilir. Bəzən kateteri bir neçə gün sidik kisəsində saxlayırlar; bu, xəstənin vəziyyətini xeyli yüngülləşdirir. Konservativ tədbirlərə oturaq vannalar, kisə və aralıq nahiyəyə isidicilər şəklində yerli oturaq isti tətbiq etmək aiddir. Son illərdə endokrin preparat – sinestrol tətbiq edirlər; bu, vəzidə degenerativ dəyişikliklər əmələ gətirərək onun kiçilməsinə səbəb olur. Operativ müalicə üsullarına sidik kisəsinə fistula qoyulması və prostat vəzinin kənar edilməsi aiddir
 
К началу