BOŞ HƏYAT

Müdrik qoca deyirdi ki, çıxıb gedən özü qapını bağlayıb getməlidi ki, arxasınca düşüb qapını örtməyəsən
Bu dünya boşdu. Bütün problemlər, dərdlər, kədər-qəm. Hamısı boş şeydi. Boş bir ev kimidi bu dünya. İçinə nə dolduracağını özün seçərsən. Sevinci xoşbəxtliyi, istədiyin insanları ora daxil etməyi özün seçməlisən. Onlar gözəlləşdirər sənin boş dünyanı. Boş ev dediyim sənin qəlbindi. Orda kimləri yaşatmalı olduğunu özün seçməlisən. 

Bəziləri xoş sözlərlə qapını döyər. Onlar gələr və özləriylə birlikdə nifrət və kədər gətirər. Onlarla yaşamağa məcbur deyilsən. Çıxarmalısan onları beynindən, fikirlərindən və ürəyindən. Bəzənsə onlar özləri çıxıb getmək istər, səni tərk edib gedər. Düz deyiblərmiş ki, gedən kim olursa olsun, qapını bağlamalısan ki, içəridə qalanlar üşüməsin. Çünki sənin içini isidən onlardı. Onlarsız bu dünya boşdu. 

Müdrik qoca deyirdi ki, çıxıb gedən özü qapını bağlayıb getməlidi ki, arxasınca düşüb qapını örtməyəsən. Gedən səni düşünsəydi heç gedərdimi? Mənsə gedəni qapıya kimi ötürərəm. Gedəni boş ver içəridə qalanlar üşüməsin.

Bəzən evinin bağçasına güllər əkərsən. Bağban olan tək bir gülü sevərsən. O gülsüz sənin evinin ətri olmaz. Bağçanda gözəllik olmaz. Gözəl olan şeyə qiymət verilməz, qiymət verdiyimiz şeylər gözəlləşər. Qiymət verdiyimiz insanlar gözəlləşdirər içimizi. Ağ-qara dünyamıza nur verər, rəngarəngə boyanar hər tərəf.

Bəlkə də ağlın yenə çıxıb gedəni düşünür. Gözlərin yenə onu axtarır. Özü getsə də səsi getmir qulağınnan. Bəlkə də bütün problemlər bundadı. Bizi sevəni görməz gözümüz, bizə dəyər verənə yox, bir başqasına verərik dəyər. Halbuki nə vaxtsa olmaya bilər yanındakı insanlar. Bəzi insanların yoxluğu onların dəyərini artırar. Yanındaykən anlamazsan əhəmiyyətini. Yoxluğundaykən başa düşərsən onlara necə ehtiyyac duyduğunu. 

Öz dünyanı təmiz saxlayacaqsan. Çöldən tozlu görsənən evə heç kim girmək istəməz. Baxan hər bir kəs səndə bir gözəllik var deyəcək. Səbəbini bilməsələr də xoş olacaq sənin evinə baxmaq, sənin qəlbinə qonaq gəlmək, orada yaşaya bilmək. Sənsə bu zaman çox yaxşı biləcəksən ki, boş dünyanı dolduran gözəlliklər nələrdi.
 
К началу