İçimizdəki imza

 Bu ilahi nişanəyə heyrət və heyranlıqla baxmalı və bu imzanın sahibi üçün səcdəyə qapanmalıyam. 
Gənclərin xəyalları və ideyaları çox olur. Hər bir gənc Allahın ona verdiyi qabiliyyətlərinin ortaya çıxmasını istəyir. Özünü isbat etmək, şəxsiyyətini sərgiləmək istəyir. Bu istək təbiidir. İnsanda “mən” (eqo) duyğusu vardır. İnsan tez-tez bu duyğu ilə yalnız qalır. İnsanın “mən”i müqəddəsləşdirməsi, ilahiləşdirməsi, əlbəttə ki, onun xüsranı deməkdir. Amma insanın xilası da “mən” duyğusu ilə mümkündür. İnsan daxilindəki “mən” ilə olan münasibətlərini səmərəli keçirərsə, hətta Allaha ən yaxın qullardan ola bilər. Çünki bizdə var olan “mən” ilahi sirri daşımaqdadır. İçinizdəki o varlıqla Allaha yaxınlaşa bilərik, zahiri varlığımızla deyil. Bu səbəblə də "mənlik" (eqoizm) xəstəliyinə tutulmamaq üçün çox çalışmalı, amma içimizdə var olan “mən”in də dəyərini bilməliyik. İnsanlar “mən”i ilə baş-başa qaldıqda uca Yaradanın “mən”lərində "inşa etdiyi" mükəmməl memarlığa heyrətlənirlər. İç dünyamızdakı əsmayi-hüsna dəyişiklikləri o qədər rəngarəng və möhtəşəmdir ki, bəzən bu ehtişamı hamının görməsini istəyirik. Başqalarının bu möhtəşəmliyi görməməsini təəccüblə qarşılayar və görə bilmədiklərinə təəssüf edərik. Halbuki onlar da buna bənzər duyğular yaşayırlar. Uca Yaradan onların da “mən”lərində fərqli şəkillərdə ilahi sənətini sərgiləmişdir. Onlardakı əsma dəyişiklikləri də mükəmməl və möhtəşəmdir. İnsan bunları diqqətə alaraq özünü başqalarından fərqli görməməlidir. Daxili aləmində müşahidə etdiyi bəzi xüsusiyyətlərdən ötrü özünü başqalarından üstün saymamalıdır. Bəlkə də dağda yaşayan hansısa bir çobanın duyğuları qələmə alınsaydı, dünyanın ən məşhur klassikləri onun yanında kölgədə qalardı. Qabiliyyət və bacarıqlarını sərgiləmə fürsəti tapmamış və bu səbəbdən tanınmamış o qədər insan var ki, cəmiyyətdə mövcud olan bir çox iş ona həvalə edilsəydi, o işi indiki sahiblərindən daha yaxşı görərdi. İnsanların çoxu ilahi sənətin ehtişamını layiqincə qiymətləndirə bilmir, qiymətləndirsə belə təqdirəlayiq həyat yaşamır. Allahdan qafil bir həyat sürür. Seçilmək duyğusundan uzaq olsaq, bəlkə də qəflət çirkabından xilas olarıq. Belə olan təqdirdə bəhs etdiyimiz “mən” duyğusu bir məna kəsb edər. Yox, əgər insanlardan dünyəvi bir üstünlüyümüz və fərqimiz olsun deyə bu duyğuya sahib olsaq, getdiyimiz yol yanlışdır. Dünya üstünlüyü ilə axirət üstünlüyü daxilimdə hər zaman var olan bir mücadilədir. Nəfsim bəzən dünya üstünlüyünə, bəzən də axirət üstünlüyünə meyl etdi. İmanım dünya üstünlüyünə dəyər verdiyim təqdirdə itirənlərdən olacağımı söylədi. Bəzən elə oldu ki, dünya üstünlüyü özünü axirət üstünlüyü kimi göstərdi. Lakin “mən”imlə baş-başa qaldıqda hər şeyin əslini gördüm. Onu da dərk etdim ki, nəyi istədiyimizin fərqində olmalıyıq. Mən “mən”imin fərqində olmalıyam. Daxilimdəki ilahi ehtişamı, qüdrət naxışlarını görməliyəm. O naxışları görməliyəm. O naxışların sahibinə heyrət və heyranlıqla baxmalıyam. “Mən”imlə dost olmalıyam, amma onun dünyəvi üstünlüklərin ardınca düşməsinə mane olmalıyam. “Mən”imdəki və bütün insanların “mən”lərindəki ilahi imzanı dərk etməliyəm. Bu ilahi nişanəyə heyrət və heyranlıqla baxmalı və bu imzanın sahibi üçün səcdəyə qapanmalıyam. 
 
К началу