Qocalmanın qarşısını alan vasitə AŞKAR EDİLDİ

ABŞ alimləri insana qocalmanın ləngiməsi effektini hansı tədbirlər kompleksinin təmin edə biləcəyini müəyyən ediblər.
Onlar aydınlaşdırıblar ki, yuxu və ayıqlıq dövrlərini, habelə beyin hüceyrələrinin və bədənin digər toxumalarının daxilindəki proseslərin çoxunu idarə edən genlərə təsir etməklə, qocalmanın qarşısını almaq olar. Publika.az “medikforum.ru” saytına istinadla xəbər verir ki, bir qrup bioloq orqanizmin gündəlik ritmlərinə nəzarət edən, 1990-cı illərin əvvəllərində kəşf olunmuş genlərin fəaliyyətini öyrənib. Onlar bu qənaətə gəliblər ki, həmin genlər canlı orqanizmlərdə dövri hadisələr sırasından çoxsaylı prosesləri, məsələn, yuxu və ayıqlıq, yemək axtarışı proseslərini idarə edir. Onlar, həmçinin müəyyən ediblər ki, bu genlər orqanizmin sağlamlığa və ömür müddətinə təsir edən “zibildən” və digər arzuolunmaz komponentlərdən təmizlənməsinə görə məsuliyyət daşıyır. Alimlər aşkar ediblər ki, sözügedən genlərin fəallığı sirkad ritmlərlə sıx bağlıdır. Sirkad ritmlər orqanizmin daxili bioloji ritmləridir və onun bütün fizioloji prosesləri bu ritmlərə uyğunlaşır. İnsanın başlıca sirkad ritmi yuxu və ayıqlıq dövrləridir. İnsanlar yaşa dolduqca və qocaldıqca insanların sirkad ritmləri dəyişir: normal yuxuya getmə və yuxu müddəti ilə bağlı problemlər yaranır. ABŞ tədqiqatçıları hesab edirlər ki, əgər insan öz sirkad ritmlərini gənc yaşlarında olduğu kimi qoruyub saxlaya bilsə, bu, onun uzun müddət cavan qalmasına kömək edəcək. Heyvanlar üzərində aparılan eksperimentlər göstərib ki, hüceyrələri “zibildən” təmizləyən genlərin səmərəliliyi artır və nəticədə orqanizm cavanlaşır. Yaşa dolduqca sirkad ritmlərin güclü dəyişikliyə məruz qalmaması üçün az yemək lazımdır. Siçanlar üzərində təcrübələr aparan alimlər təsdiq ediblər ki, rasionun kalorilik dərəcəsinin 30 faiz azaldılması bioloji saatların bərpa olunmasına gətirib çıxarır. Belə olan təqdirdə heyvanların bioloji saatları cavanlıqda olduğu kimi işləməyə başlayır. Beləliklə, yaşlandıqca qidanın kalorilik dərəcəsinin azalması sirkad ritmləri normallaşdırır və bu da öz növbəsində orqanizmi cavanlaşdıran genləri fəallaşdırır. Saglamolun.Az
 
К началу